Futbol üzrə Gürcüstan milli komandasının qapıçısı Luka Quqeşaşvili Azərbaycan çempionu “Qarabağ”dan ayrılıb.
Arena.az xəbər verir ki, 25 yaşlı qolkiper karyerasını Yunanıstanda davam etdirəcək.
O, bu ölkənin “Panserraikos” klubunda çıxış edəcək. Quqeşaşvili Super Liqa təmsilçisi ilə artıq rəsmi müqavilə də imzalayıb. Onun sözləşməsi 2026-cı ilədək qüvvədə olacaq.
Qeyd edək ki, Quqeşaşvilinin “Qarabağ”la 2025-ci ilin 30 iyununa qədər müqaviləsi var idi. Bu üzdən də yunanların bu keçidə görə Azərbaycan çempionuna nə qədər təzminat ödədiyi maraq doğurur.
Xatırladaq ki, Luka Quqeşaşvili O, 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinirdi. Ağdam klubu həmin vaxt onu Polşanın “Yagelloniya” klubundan 200 min avro qarşılığında transfer etmişdi. Luka “Qarabağ”ın heyətində 44 matç keçirib, 37 qol buraxıb, 19 “quru” matçı olub.
Quqeşaşvili 2023-cü ilin mart ayında debüt etdiyi Gürcüstan millisində cəmi 1 oyuna çıxıb. O, karyerası ərzində “Dila”, “Podlasie”, “Qranada” və “Dinamo” (Tiflis) kimi klublarda da forma geyinib.
“Qarabağ” bu yay Quqeşaşvilidən öncə Adama Diakabi, Maksim Medvedev (karyerasını bitirib), Andrey Lunyov (“Dinamo”, Moskva, Rusiya) və Nihad Quliyevlə (“Səbail”) də yollarını ayırmışdı. Rüstəm Əhmədzadə ilə İsmayıl İbrahimli isə yenidən “Zirə”yə icarəyə veriliblər.
Gedənlərin əvəzində hələlik Fabiyan Buntiç (“Vizela”, Portuqaliya) və Musa Qurbanlı (“Yurqorden”, İsveç) transfer edilib. Bəhlul Mustafazadə, Nəriman Axundzadə, Riçard Almeyda və Abdullah Zubir isə klubla yeni müqavilə bağlayıb.


