Kamran Əliyev “Sumqayıt”ı Rusiya klubuna dəyişdi

Azərbaycanın futbol üzrə U-21 milli komandasının sabiq yarımmüdafiəçisi Kamran Əliyev “Sumqayıt”dan ayrılıb.

Arena.az xəbər verir ki, 25 yaşlı azərbaycanlı futbolçu sabiq komandası “SKA-Xabarovsk”a keçib.

Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. Kamran köhnə-yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Kamran Əliyev “Sumqayıt”a ötən ilin yayında Rusiyanın “Arsenal” (Tula) klubundan azad agent kimi ayrılaraq keçmişdi. O, “Sumqayıt”da 50 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Kamran Əliyevin “Sumqayıt”la hələ ilyarımlıq müqaviləsi vardı. Bu üzdən də onun Rusiya klubuna keçidinin açıqlanmayan detalları maraq doğurur.

Xatırladaq ki, Kamran Əliyev Rusiyanın “Ximki” klubunun yetirməsidir. O, sözügedən klubun əsas komandasında (2017-2021) 100 matça çıxıb, 19 qol vurub. Futbolçu sonrakı 2 mövsümü “SKA-Xabarovsk”da keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 28 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

25 yaşlı vinger Tula “Arsenal”ına 2022-ci ilin iyul ayında keçmişdi. O, sözügedən komandada 14 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Kamran vaxtilə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib.

Sonda onu da qeyd edək ki, “Sumqayıt” Kamran Əliyevdən öncə Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka və Masaki Murata ilə də yollarını ayırmışdı. Əvəzində Rəhim Sadıxov (“Zirə”), Fernando Medeyros (“Eqnatiya”, Albaniya) və Slavişa Radoviç (“Sarayevo”, Bosniya və Herseqovina) komandaya cəlb olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: