Fransanın “Brest” klubunun mərkəz müdafiəçisi Lilian Brassye bundan sonra Marsel “Olimpik”inin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Marsel klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 nəhəngi 24 yaşlı fransalı futbolçunu satınalma şərti ilə icarəyə götürüb. Transfer dəyəri 12 milyon avro məbləğində qiymətləndirilən Brassyenin icarə müddəti 2025-ci ilin 30 iyununa qədərdir.
Lilian Brassye Fransanın digər klubu “Renn”in yetirməsidir. “Valansyen”də də oynamış futbolçu 2020-ci ilin oktyabr ayından “Brest”də çıxış edirdi. O, bu klubun əsas komandasında 117 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Fransanın U-19 və U-20 yığmalarında oynamış müdafiəçiyə əsas millidə ehtiyac duyulmayıb.
Marsel “Olimpik”i seneqallı dayaq yarımmüdafiəçisi Pape Qeye ilə də yollarını ayırıb. 25 yaşlı futbolçu azad agent kimi İspaniyanın “Vilyarreal” klubuna keçib. O, La Liqa təmsilçisi ilə 4 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb.
Pape Qeye Fransanın “Havr” klubunun yetirməsidir. “Olimpik” onu 2020-ci ilin iyulunda azad agent kimi heyətinə qatmışdı. Yarımmüdafiəçi Marsel klubunun heyətində 115 oyuna çıxıb, 5 qol və 3 assistlə yadda qalıb. O, 2023-cü ildə yarım mövsüm İspaniyanın “Sevilya” klubunda icarədə də olub.
Fransanın U-18 və U-19 yığmalarında oynamış Qeye, 2021-ci ilin noyabrından Seneqal millisində çıxış edir. O, bu komandanın heyətində 22 oyuna 1 qol vurub.
Yeri gəlmişkən, “Vilyarreal” üç futbolçusu ilə də yollarını ayırıb. 36 yaşlı ispan hücumçusu Xose Luis Morales azad agent kimi “Levante”yə keçib və yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.
2022-ci ilin iyul ayından “Vilyarreal”da çıxış edən təcrübəli hücumçu bu komandanın heyətində 80 oyuna 25 qol vurub, 5 assistlə yadda qalıb. O, “Levante” və “Eybar”da da çıxış edib.
“Vilyarreal” sol cinah müdafiəçisi Karlos Romero ilə hücumçusu Xorxe Paskualı da icarəyə verib. Romero “Espanyol”a, Paskual isə “Eybar”a keçib. Onların hər ikisi 1 illik icarədə olacaq.


