Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Araz-Naxçıvan”ın yoxlama matçı keçirəcəyi növbəti rəqiblərin adına aydınlıq gəlib.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Naxçıvan təmsilçisi iyulun 21-də Küveytin “Əl-Ərəbi” komandası ilə gücünü sınayacaq.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda daha sonra Özbəkistanın “Soqdiana” kollektivini sınağa çəkəcək. Bu görüş iyulun 24-də baş tutacaq.
Xatırladaq ki, “Araz-Naxçıvan” Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçını Türkiyənin “Alanyaspor” komandasına qarşı keçirib. Bu oyunda qalib müəyyənləşməyib – 1:1. Naxçıvan klubu Bakıdakı hazırlıq çərçivəsində də öz əvəzedicilərinə qalib gəlmişdi – 3:1.
Qeyd edək ki, “qırmızı-ağlar” Ərzurum toplanışını iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcəklər. Komanda 2 günlük istirahətdən sonra “Qarabağ”la oyunun hazırlığına başlayacaq.


