“Bayern”in prezidenti Herbert Hayner Münhen komandasının yeni baş məşqçisi Vensan Kompaninin klubdakı hədəflərini açıqlayıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat veir ki, Hayner Münhen nəhənginin belçikalı mütəxəssisin rəhbərliyi altında yenidən qənimətlər qazanacağına ümidlidir:
“Vensan Kompani uzun illər “Mançester Siti”nin kapitanı olub, Avropanın yüksək səviyyəli klubunda bu qədər uzun müddət bunu icra etmək asan deyil. O, güclü şəxsiyyətdir, dəqiq planı var və mən onun nə etdiyinə və “Bayern”lə böyük nailiyyətlər əldə edə biləcəyinə əminəm.
Biz hamımız komandamız üçün yeni fikirlər, yeni vurğular istəyirdik – Vensan Kompani məhz bunun naminə çıxış edir. Biz birlikdə yenidən qənimətlər qazanmaq istəyirik, çünki bunu “Bayern” istəyir”, deyə Hayner bildirib.
Xatırladaq ki, “Bayern” ötən mövsüm alman mütəxəssis Tomas Tuxelin rəhbərliyi altında çıxış etdiyi bütün cəbhələrdə mövqeyini əldən verib. Almaniya nəhəninin təsəllisi isə Bundesliqanın bürünc medalı olub.
Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Bayern” mütəxəssisin təzminat haqqı olaraq “Börnliyə” 12 milyon avro məbləğində ödəniş edib.
Vensan Kompani məşqçilik fəalliyyətinə Belçika nəhəngi “Anderlext”lə başlayıb. Daha sonra, 2022-ci ilin iyulunda belçikalı mütəxəssis “Börnli”nin sükanı arxasına keçib. Artıq başa çatmış, İngiltərə Premyer Liqasının son mövsümündə “Börnli” yarış cədvəlində sonuncudan əvvəlki, 19-cu yeri tutaraq, Çempionşipə yuvarlanıb. Buna rəğmən, Münhen klubu “Bayern”in Kompaninin xidmətində maraqlı olduğunu israr edib və məlum olduğu kimi, Almaniya nəhənginin sükanını belçikalı mütəxəssisə həvalə edib.
Vurğulayaq ki, Kompani bir müddət, “Bayern”də iş təcrübəsi olan Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb. Koompani ispan mütəxəssisdən futbol məşqçiliyinin bir çox sirlərini mənimsəyib. Məhz bu amil “Bayern”in güvəndiyi məqam kimi Kompaninin təyinatında həlledici olub. Qvardiolanın özü isə ona məsləhətlə müraciət etmiş “Bayern” nümayəndələrinə Kompaninin təyinatını tövsiyə edib.


