Serxi Kardona La Liqada klub dəyişdirdi

“Las Palmas”ın sol cinah müdafiəçisi Serxi Kardona bundan sonra La Liqanın digər təmsilçisi “Vilyarreal”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Vilyarreal”ın rəsmi saytı məlumat yayıb.

25 yaşlı ispan futbolçu “Vilyarreal”a azad agent kimi keçib. O, yeni klubu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Serxi Kardona 2020-ci ildən “Las Palmas”ın formasını geyinirdi. İspan müdafiəçi bu klubun əsas komandasında 117 oyun keçirib, 2 qol və 7 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Ximnastik”in də formasını geyinib.

Bu yay “Vilyarreal”dan ayrılan sol cinah müdafiəçisi Alberto Morenonun da yeni iş yeri müəyyənləşib. O, azad agent kimi İtaliyanın “Komo” klubu ilə anlaşıb. 32 yaşlı ispan futbolçu A Seriyasının yeni təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb.

Alberto Moreno “Sevilya”nın yetirməsidir. İngiltərədə “Liverpul”un da formasını geyinmiş 32 yaşlı müdafiəçi 2019-cu ildən “Vilyarreal”ın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 124 oyuna 8 qol vurub, 9 assistlə yadda qalıb.

Alberto Moreno İspaniya yığmasının heyətində 4 oyun keçirib.

Serxi Kardonanı “Vilyarreal”a buraxan “Las Palmas”da başqa ayrılıqlar da qeydə alınıb. İspaniyadan olan 30 yaşlı mərkəz müdafiəçisi Erik Kurbelo azad agent kimi Xixon “Sportinq”inə keçib və yeni klubu ilə 2 illik müqavilə bağlayıb. 28 yaşlı ispan qapıçı Aaron Eskandell və 31 yaşlı ispan sağ cinah müdafiəçisi Alvaro Lemos “Real Ovyedo”ya keçiblər. Alvaro yeni klubu ilə 1, Aaron isə 2 illik müqavilə bağlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: