Azərbaycanı Konfrans Liqasında təmsil edən “Zirə”, “Sabah” və “Sumqayıt”ın 3-cü təsnifat mərhələsindəki mümkün rəqibləri dəqiqləşib.
Arena.az xəbər verir ki, bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində təşkil olunmuş mərasimdə Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olub. Təmsilçilərimiz 2-ci təsnifat mərhələsində uğurlu olsalar, 3-cü raundda məhz adları aşağıda qeyd olunmuş komandalardan biri ilə üz-üzə gələcəklər.
Belə ki, “Sabah”la Hayfa “Makkabi”sinin (İsrail) cütünun qalibi “Sent Patriks” (İrlandiya) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Bakı klubu israilliləri keçsə, növbəti raundda səfərdə oynayacaq.
“Zirə”nin “Dunayska Streda” ilə mübarizəsində sevinəcək tərəf “Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Zirəlilər tur adlasa, növbəti raunda səfərdə başlayacaqlar.
“Sumqayıt”ın “Fehervar”la mübarizəsində qalib gələcək komanda “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə görüşəcək. Sumqayıtlılar da Macarıstan klubunu keçə bilsə, 3-cü təsnifat mərhələsinə səfərdə start verəcəklər.
Qeyd edək ki, Konfrans Liqasında üçüncü raundun ilk matçları avqustun 8-də, cavab görüşləri isə ayın 15-də keçiriləcək. 2-ci təsnifat mərhələsinin oyunları isə iyulun 25-də və avqustun 1-də təşkil olunacaq.


