2023/2024-cü illər mövsümündə Bundesliqa və 2-ci Bundesliqa tamaşaçıların sayına görə Almaniya tarixində rekorda imza atıblar.
Arena.az bu barədə Alman Futbol Liqasına (DFL) istinadən məlumat verir.
Qurum, ötən mövsüm üzrə həm əsas, həm də 2-ci Bundesliqanın tamaşaçılarının sayı ilə bağlı hesabat dərc edib. Hesabata görə, bu iki yarışa ümumilikdə təxminən 21 milyon bilet satılıb ki, bu, yarış tarixində ən yüksək göstəricidir:
“Bundesliqa 2023/2024-cü illər mövsümündə İngiltərə Premyer Liqası və İtaliya A Seriyasını qabaqlayaraq, 2023/2024-cü illər mövsümündə bir oyuna görə orta bilet satışı baxımından ən yaxşı Avropa liqaları arasında lider olaraq qalır. Bundesliqa arenalarının orta doluluğu (95,2%) əvvəlki il ilə (92 ,6%) müqayisədə artıb. Ümumilikdə, 18 Bundesliqa klubundan 15-i 90%-dən çox doluluq səviyyəsinə nail olub”, – təşkilatın bəyanatında deyilir.
Xatırladaq ki, 2023/2024-cü illər mövümü Almaniya Bundesliqasının qalibi “Bayer” olub. Leverkuzen təmsilçisi ispan mütəxəssis Xabi Alonsonun rəhbərliyi altında bir oyunda belə, məğlub olmadan tarixində ilk çempionluğu qazanıb. 2-ci Bundesliqanın qalibi isə “Sankt-Pauli” olub.


