Can Keleş “Beşiktaş”da – Rəsmi

Türkiyənin “Fatih Karagümrük” klubunun sağ vingeri Can Keleş bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

“Beşiktaş” bu transfer üçün “Fatih Karagümrük”ə 2,75 milyon avro ödəyib. 22 yaşlı futbolçu ilə 4 llik müqavilə imzalanıb.

Can Keleş Avstriyada dünyaya göz açıb və peşəkar karyerasına Vyana “Austriya”sında başlayıb. O, “Fatih Karagümrük”ə ötən ilin yayında Vyana təmsilçisindən icarə əsasında keçmişdi. Yarımmüdafiəçi Türkiyə klubunun heyətində keçirdiyi 39 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. “Fatih Karagümrük” bu yay Avstriya klubuna 500 min avro ödəməklə Canın transfer hüquqlarını da almışdı. Amma qısa müddət sonra klub gənc oyunçunu “Beşiktaş”a satmaqla xeyli qazanc əldə edib.

Can Keleş Avstriyanın U-16, U-17 və U-18 yığmalarında da oynayıb.

“Beşiktaş” mərkəz yarımmüdafiəçisi Kerem Atakan Kesgini də “Bandırmaspor”a icarəyə verib. 23 yaşlı futbolçu bir mövsümlük icarəyə verilib. 2025-ci ilin 30 iyununda yenidən “Beşiktaş”a qayıdacaq yarımmüdafiəçinin İstanbul təmsilçisi ilə 2027-ci ilə kimi müqaviləsi var.

Kerem Atakan Kesgin “Bucaspor”un yetirməsidir. “Göztəpə” və “Sivasspor”da da oynamış futbolçu “Beşiktaş”a 2022-ci ilin avqustunda 1,4 milyon avro qarşılığında keçib. Amma o, “qara qartallar”ın heyətində cəmi 8 matça çıxıb. Bu üzdən də “Beşiktaş” onu “Bandırmaspor”dan öncə “Fatih Karagümrük” və “Sivasspor”a da icarəyə verib.

Kerem Atakan Kesgin Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: