Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə mübarizəyə start verəcək.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinə 2-ci təsnifat mərhələsindən başlayacaq.
Komandamız bu mərhələnin ilk oyununda Cəbəllüttariq çempionu “Linkoln”un qonağı olacaq. “Europa Point” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Bu, Azərbaycan klublarının Cəbəllütariq komandaları ilə ikinci duelidir. Daha öncə bu iki ölkənin təmsilçiləri cəmi bir dəfə üz-üzə gəliblər. Həmin vaxt da məhz “Qarabağ” və “Linkoln” komandaları qarşılaşıblar. Ağdam təmsilçisi 2023/2024 mövsümündə məhz Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşdığı bu rəqibini səfərdə 2:1, evdə isə 4:0 hesabıyla yenərək mərhələ adlamışdı.
Elə də dəfə də duelin aşkar favoriti Azərbaycan çempionu sayılır. Təmsilçimiz cütün taleyini səfərdə həll etmək üçün çalışacaq ki, doğma meydanda daha rahat oynaya bilsin.
Bu oyunu Macarıstandan olan FIFA referisi İştvan Vad idarə edəcək. Ona yan xətt hakimləri Vencel Tot və İştvan Albert kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Bence Csonka yerinə yetirəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. Maraqlıdır ki, məğlub olan tərəf də Avroliqanın 3-cü təsnifat mərhələsində məhz “Lüdoqorets” – “Dinamo” cütünün uduzanı ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23 iyul
20:00. “Linkoln” – “Qarabağ”
Baş hakim: İştvan Vad
Baş hakimin köməkçiləri: Vencel Tot, İştvan Albert
Dördüncü hakim: Bence Csonka (hamısı Macarıstan)
“Europa Point Stadium”.


