“Qarabağ”dan Azərbaycan üçün yeni mövsümdə ilk xal

“Qarabağ” ötən gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində UEFA reytinqində Azərbaycanın xal ehtiyatını zənginləşdirib.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Cəbəllüttariqin “Linkoln” komandasına qarşı keçirdiyi ilk oyundan 2:0 hesablı səfər qələbəsi ilə ayrılıb.

Nəticədə Ağdam klubu Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Bu qələbə sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib.

Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 0.500 xaldır. Azərbaycanı bu mövsüm avrokuboklar təmsil edən digər klublardan “Zirə” də reytinqə 0,250 ballıq töhfə verib. “Sabah”la “Sumqayıt” isə hələ mübarizəyə başlamayıblar.

Son 5 mövsümdəki ümumi əmsalı 17.250-yə çatan Azərbaycan reytinqdə yenə 25-ci pillədə qərarlaşıb. 24-cü sırada 17.375 xala malik Slovakiya qərarlaşıb. Azərbaycanı isə Kipr (17,225) izləyir.

Reytinq cədvəlinə yenə İngiltərə (89,160) başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73.989) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,660) dördüncü, Fransa (57,736) isə beşinci sıradadır. Türkiyə 33,800 balla 9-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Qrup mərhələsində isə qələbə 0,500, heç-heçə 0,250 əmsalla qiymətləndirilir. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: