UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Bakıda baş tutacaq “Qarabağ” – “Linkoln” matçının hakimləri dəyişdirilib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu görüşü Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Yakob Sundberq olacaq. Ona yan xətt hakimləri Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.
Xatırladaq ki, “Qarabağ” – “Linkoln” matçına daha əvvəl ukraynalı hakimlər təyinat almışdılar.
Bu komandalar arasında ötən gün Cəbəllüttariqdə keçirilmiş ilk oyunda Azərbaycan çempionu 2:0 hesablı səfər qələbəsinə sevinib. Cavab qarşılaşması isə iyulun 30-da Tofiq Bərhamov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.


