Samir Abasov: “Mərhələ adlamaq üçün 30 faiz şansımız qalıb”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Sumqayıtda tarixi matça – ilk avrokubok matçına çıxan Azərbaycan təmsilçisi bu oyunda 1:2 hesabı ilə məğlub olub.

“Kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında məğlubiyyətə belə şərh verib:

“Oyunun əvvəlində çətin vəziyyətlə üzləşdik, azlıqda qaldıq. Buna görə hərəkət etməli idik. Bütün planlarımız alt-üst oldu. Qol vurduq, yaxşı oynamağa başlamışdıq. İstəmədiyimiz hal baş verdi. İkinci oyun bundan da çətin olacaq. Üstünlük rəqibdədir. Amma bəzi yaxşı epizodların üzərində dayanıb futbolçuları cavab oyununa yaxşı kökləməyə çalışacağıq.

Qırmızı vərəqə olmasaydı, nəticə 100 faiz fərqli olacaqdı. Ümidlərimiz də fərqli olardı. İndi həddindən artıq problemlər yaşayırıq. Bizim komandamız budur. Qırmızı vərəqə olmasaydı, yenə bu heyət oynayacaqdı. Heyətlə bağlı çətinliklərimiz var. 3-4 günümüz qalıb, bəzi mövqelərdə dəyişiklik etmək məcburiyyətindəyik.

Bu nəticədən sonra şansları necə dəyərləndirirəm? Rəqibin üstünlüyü 70 faizdir. Cavab matçında biz qalan 30 faiz şansımızdan yapışacağıq.

Hakim idarəçiliyinə gəlincə, epizodlara baxmamışam. Həddən çox sarı vərəqələr oldu. Hakim sanki oyuna köklənməmişdi”.

“Sumqayıt”a daha çox qol vura bilərdik”

“Fehervar”ın baş məşqçisi Tamaş Peto isə oyundan sonra keçirilən mətbuat konfransında komandasının qələbəsi barədə bunları dilə gətirib:

“Rahat qələbə olmadı. Futbolçularda yorğunluq var idi. İlk 20 dəqiqəni yaxşı oynaya bilmədik. Qırmızı vərəqədən sonra toparlandıq. Nəticə göz qabağındadır. Çox qol vura bilərdik. İlk hissədə də qaçırdığımız epizodlar oldu. “Sumqayıt” yaxşı komandadır. Evdə daha diqqətli olmalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: