Krunoslav Renduliç: “Makkabi” hələ də favoritdir”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün İsrail klubu ilə səfərdə qarşılaşan Azərbaycan təmsilçisi bu oyunda 3:0 hesablı möhtəşəm qələbəyə sevinib.

“Bayquşlar”ın baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışına belə qiymət verib:

“Hər şeydən əvvəl futbolçularımı təbrik edirəm. Onlar yaxşı oynadılar. Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Çünki “Makkabi” əla komandadır. Bu gün qələbə qazansaq da, hələ heç nə həll olunmayıb. Biz sadəcə bir oyun keçirmişik. Qarşıda cavab görüşü var. Konsentrasiyanı saxlamaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Maksimumu verməli olduğumuzu demişdim. Nə olacaqsa, olacaq. Yenə də “Makkabi”ni favorit sayıram. Amma bunun əksini meydanda göstərmək lazımdır”.

“Makkabi”nin (Hayfa) baş məşqçisi Barak Baxar da məğlub olduqları matçı şərh edib. 44 yaşlı mütəxəssis bunları söyləyib:

“Biz hücumda kifayət qədər cəsarətli və kəskin deyildik. Yaxşı oynamadıq. Bu məğlubiyyət bizə dərs olmalı və gələn həftə daha yaxşı oynamalıyıq. 0:3 hesabı ilə uduzursansa, deməli, hər şey qaydasında deyil. Düzdür, mövsümün əvvəlidir. Amma bu gün çox uğursuz olduq. Düşündük ki, Dia və Kinda oyunumuza dinamiklik qatacaq. Amma daha iki qol buraxdıq. Biz ümumiyətlə, heç oyuna girə bilmədik. Nə etdiksə, bir işə yaramadı.

Bilirdik ki, rəqibimiz yaxşı komandadır, yaxşı oyunçuları var və bizə asan olmayacaq. Məlum məsələdir ki, heyətimizə daha çox oyuncu cəlb edilməlidir və biz güclənməliyik. Amma bu, bəhanə deyil. Bu hesabla uduzmaq olmazdı, bunu bilirik. Nə olursa olsun, fərqi yoxdur. İndi reallığa baxmalıyıq. Hər şeyin mümkün olduğuna inanmalıyıq. Cavab oyununa qədər gücümüzü toparlamağa çalışacağıq. Baxmayaraq ki, bu, çox çətin olacaq. Amma mən komandama inanıram. İkinci oyundan sonra vəziyyəti dəyişə bilərik”.

Xatırladaq ki, “Sabah”la Hayfa “Makkabi”si arasındakı cavab qarşılaşması avqustun 1-də “Masazır Arena”da keçiriləcək. Həmin oyuna saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: