Futbol üzrə İspaniya millisinin və “Real Sosyedad”ın mərkəz müdafiəçisi Robin Le Norman Madrid “Atletiko”suna keçib.
Arena.az xəbər verir ki, bu barədə “Atletiko” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Paytaxt klubu 27 yaşlı oyunçunu 34,5 milyon avro müqabilində heyətinə qatıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır.
Robin Le Norman Fransada dünyaya göz açıb və bu ölkənin “Brest” klubunun yetirməsidir. O, “Real Sosyedad”a 2016-cı ildə azad agent kimi keçmişdi. Müdafiəçi La Liqa təmsilçisinin əsas komandasında 221 oyuna çıxıb, 6 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Le Norman 2023-cü ilin iyun ayından İspaniya millisinin şərəfini qoruyur. O, yığmanın heyətində 17 oyuna çıxıb, 1 qol vurub.
Müdafiəçi bu il Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) qalibi olub, 2023-cü ildə isə milli komanda ilə UEFA Millətlər Liqasının ən güclüsü adını qazanıb. Onun qazandığı titullar arasında “Real Sosyedad”la 2019/2020 mövsüm əldə etdiyi İspaniya Kuboku da var.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.
“Real Sosyedad” sol vingeri Martin Merkelansla da yollarını ayırıb. 29 yaşlı futbolçu azad agent kimi “Eybar”a keçib. İspan futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Martin Merkelans “Real Sosyedad”ın öz yetirməsidir. Yarımmüdafiəçi bu klubun əsas komandasında cəmi 18 oyuna çıxıb və 1 assistlə yadda qalıb. O, “Mirandes” və “Rayo Valyekano” kimi klublarda icarədə də olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.


