Qurban Qurbanov: “Əsas hədəf Çempionlar Liqasının qrupudur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci raundunda “Linkoln”la cavab matçı öncəsi fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə 2:0 hesabıyla məğlub etdiyi bu rəqibini iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda (saat 20:00) qəbul edəcək.

“Qarabağ”ın baş məşqçisi cavab matçından əvvəlki mətbuat konfransını məhz bu günə, oyundan iki gün öncəyə təyin edib. Təcrübəli mütəxəssis jurnalistlərlə görüşdə əvvəlcə bunları dilə gətirib:

“Doğma Bakıda, doğma stadionda ilk oyunumuza çıxacağıq. Pis hazırlaşmadıq. Rəqibi daha yaxından tanıdıq. Bu komanda çox bacarıqlı müdafiə olunur. İlk matça baxıb, analiz etmişik. Baxımlı oyun sərgiləməyə çalışacağıq. Bilirik ki, qalib gəlsək, Konfrans Liqasının qrupuna vəsiqəni təmin edəcəyik. Hansısa narahatlığa səbəb yoxdur. Həmişə çalışmışıq ki, əlimizdə olan şansdan maksimum istifadə edək, hər şey qaydasında olsun. Bizim üçün problem olan həmişə rəqib olub. Rəqib bizim düşündüyümüzdən əlavə edirsə, bu, bizim üçün problem olub. Başqa ciddi problem görmürəm. Heyətlə də bağlı başqa problem yoxdur. Musa Qurbanlı əməliyyat olunub. Başqa hamı sağlamdır”.

Qurbanov bu mövqelərə yeni oyunçu istəyir

Qurbanov indiki heyətin qarşıdakı mövsüm üçün yetərli olub-olmadığı barədə sualı belə cavablandırıb:

“Əlimizdəki heyətlə mövsümə hazır olmalıyıq. Məşqçi kimi istəyərəm ki, heyətə minimum 2 oyunçu əlavə edilsin. Çünki bunun zədəsi, cəzası var. Bizim üçün hər oyun vacibdir. Hər cəbhədə ən yuxarı nəticə üçün mübarizə aparırıq. İşlər gedir. Orta xəttə oyunçu istəyirəm. Hücuma da minimum 1 futbolçu düşünürük. Daha yaxşı variant olarsa, mövqeyindən asılı olmayaraq, həmin oyunçunu transfer edərik. Həmişə istəmişik ki, heyətimizi qoruyub-saxlayaq. Bu il vaxtımız oldu, daha rahat hazırlaşdıq. İkinci təsnifat mərhələsindən turnirə qoşulduq. Ona görə də komandada, futbolçularda psixoloji rahatlıq oldu. Gərginlik bir o qədər çox olmadı. Futbolçuların istirahətə daha çox vaxtları oldu. Ona görə də hazırlıq proqramına Bakıda başladıq. Onlar üçün də daha rahat oldu. Hamısı öz ailəsinin yanında idi.

Fiziki hazırlığı həmişə yaxşılaşdırmaq olar, amma psixoloji hazırlıq çətindir. Məni də həmişə narahat edən budur. Futbolçu beyni yorğun olduqda, daha tez yorulur. Bu il bir az hazırlıq fərqli oldu. Futbolçular da daha rahat, sərbəst idilər. Ola bilər ki, buna görə öz razılığımı bildirmişəm. Gördüyümü, hiss etdiyimi demişəm.

Transfer etmək get-gedə daha da çətinləşir. Həmişə istəmişik ki, yanlış transfer etməyək. Amma mümkünsüzdür. Avropa klublarında 30 faiz uğurlu transfer alınırsa, uduş kimi qəbul edirlər. 50 faiz fantastikdir. O imkanlarımız yoxdur ki, transferdə səhv etsək, onu kompensasiya edək. Amma hər bir halda, axtarışdayıq. Çox oyunçularla danışırıq. Bəziləri gəlmək istəmədi, bəziləri Avropanı daha çox düşünür. Amma transfer etmək fikrindəyik”.

Yenidən “Qarabağ”a qayıdan Şahruddin Məhəmmədəliyevin durumuna toxunan Qurbanov daha bir qapıçı transferi üzərində çalışdıqlarını da vurğulayıb:

“Hazırda qapıçı axtarışındayıq. Baxdığımız qolkiperlər var. Hətta iki gün əvvəl bir qapıçı transferi alınmaq üzrə idi, sonda alınmadı. Düşündüyümüz qapıçını tapsaq, götürmək istəyirik. Çünki bu, vacib mövqedir. Bəzən görürsən ki, çox komandaların şikayət etdiyi mövqe olur. Deməzdim ki, Şahruddin tam hazırdır. Amma o, hamının tanıdığı oyunçudur. Hamının Şahruddinə qarşı münasibəti yaxşıdır. Adaptasiya üçün vaxta ehtiyac yoxdur”.

“Avrokubokların böyük faydası var”

Qurban Qurbanov “Qarabağ”ın cari avrokubok mövsümündəki əsas hədəfini də açıqlayıb:

“Minimum və maksimum hədəflər olur. Minimum hədəf Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Maksimum hədəf isə UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir. Hədəfimiz həmişə maksimal olub”.

“Qarabağ”ın baş məşqçisi Azərbaycanın avrokuboklardakı digər klublarının çıxışına da toxunub:

“Hər birinə uğurlar arzulayıram. Hər birinə təşəkkür edirəm ki, yaxşı hazırlıq keçiblər. Sadəcə, “Sumqayıt” uduzdu. Bu da məlum səbəblərdən. Hesabda öndə olarkən, qırmızı vərəqə aldılar. Cavab matçında inanıram ki, Samir Abasov komandanı toparlayacaq və yaxşı nəticə üçün oynayacaqlar. İnamım böyükdür. “Zirə” və “Sabah” yaxşı oyunla qalib gəldilər. Bu da klubun məşqçilərinə, rəhbərliyə, futbolçulara əlavə stimul verir. Ümidlərimiz böyükdür, dualarımız onlarladır. Hər bir qələbə Azərbaycan futbolunun tanınması, reytinqin yüksəlməsi deməkdir. Hər birindən uğurlar nəticə gözləyirik.

Avrokuboklar bütün klublara böyük təcrübə qazandırır. Qələbələr də böyük inam qazandırır. Azarkeş marağı artır. Çempionatın daha da maraqılı keçməsini istəyiriksə, belə turnirlərdə iştirak etməliyik. Qruplara düşməyi hər bir klubumuza arzulayıram. Təcrübə baxımından da futbolçulara, məşqçilərə vacibdir. O rejimdə işləmək böyük fayda verir. Öz çempionatımızda 7-8 gündən bir oyun oynayırsan, amma avrokuboklarda oynayanda, rejim daim dəyişilir.

Avrokubokların böyük faydası var. Hər bir turnirə ciddi yanaşmaq vacibdir. Klub rəhbərləri də bilməlidir. Əgər çatışmazlıq varsa, onu aradan qaldırmaq üçün məşqçilərin və futbolçuların yanında olmalıdırlar. Bura nə qədər xarici klublar gəlir. Azərbaycanımızı daha çox tanıyırlar. Bunun olması, xarici arenada da ölkəmiz üçün böyük fayda verir. Bəzən qorxuruq ki, çətin qrupa düşürük. Heç nə olmaz. Çətin komandalara qarşı 3-4 ildən sonra daha inamlı oynaya bilərik. Çox istəyərdim ki, bölgələrimizin mədəniyyətini də tanısınlar. Gəncə, Tovuz və digər rayonlarımızın. Zirənin öz maraqlı tarixi, mədəniyyəti var. Sabah bəlkə Ağdamda oynadıq, bəlkə başqa şəhərlərdə. Yəni avropalılar buraların da tarixini bilərlər. Rəqabətin təməli buradan başlasa, daha yaxşıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: