İngiltərə nəhəngi “Mançester Yunayted” öz tribunalarında 100 min tamaşaçı tuta biləcək yeni klub stadionunun inşasını planlaşdırır.
Arena.az bu barədə “The Telegraph” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın rəhbərliyi köhnə “Old Trafford”un yenidən qurulmasındansa, yeni arenanın inşasının daha məqsədəuyğun seçim olduğuna getdikcə daha çox inanmağa meyillidir.
Yeni stadionun tikintisi altı il çəkə bilər. Layihənin dəyəri ilkin olaraq 2,4 milyard avro məbləğində qiymətləndirilir. Üstəlik, yeni arena köhnə “Old Trafford”a bitişik ərazidə tikilə bilər, çünki klub böyük torpaq sahəsinə malikdir. Bu o deməkdir ki, yeni stadion bina edilərkən, “Mançester Yunayted” öz oyunlarını köhnə arenasında davam etdirə biləcək.
İnşaatla bağlı yekun qərar bu ilin sonuna qədər mütəxəssislər və azarkeşlərlə məsləhətləşdikdən sonra veriləcək. Yeni arena ilə yanaşı, stadion kompleksinin ətrafında parkların salınması da nəzərdə tutulub. Stadiona bitişik ərazidə mehmanxana və ya əyləncə mərkəzinin açılması perspektivi də nəzərdən keçirilir.
Vurğulayaq ki, oxşar layihələr əvvəllər Amerika Birləşmiş Ştatlarında (ABŞ) həyata keçirilib və çox uğurlu olub.
Köhnə “Old Trafford”un aqibəti isə sual olaraq qalır. Stadion sökülərək tarixin yaddaşına göndərilə və ya hər hansı kluba icarəyə verilə bilər. Bu haqda qərar strateji xüsusiyyət daşıyır, amma yeni arenanın inşasına qədər öz həllini tapmağı tələb edir.


