Tamaş Peto: “Sumqayıt”la cavab matçında da ehtiyatlı olmalıyıq”

“Fehervar”ın baş məşqçisi Tamaş Peto Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sumqayıt”la cavab oyunundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Macarıstan təmsilçisi sabah Sumqayıtın eyniadlı təmsilçisini doğma meydanda qəbul edəcək.

Bu komandaların Sumqayıtdakı ilk matçında məhz “Fehervar” qalib gəlmişdi – 2:1.

Tamaş Peto cavab görüşü ərəfəsində komandasının mərhələ adlamaq şanslarını belə qiymətləndirib:

“İlk oyunu nəzərə alsaq, bizi çətin sınaq gözləyir. Cavab matçında da ehtiyatlı davranmalıyıq. Səfər matçında qələbə qazansaq da, rəqib çox aqressiv oynadı. Onlar meydanda çox hərəkət edirdilər. Sabah bizim başqa məqsədimiz olacaq. Azarkeşlərimiz qarşısında ilk oyunda qələbə qazanmaq istəyirik. Azərbaycan klublarının ötən həftə 4 görüşün 3-də qələbə qazanması onların gücündən xəbər verir. Biz ehtiyatlı olmalıyıq. Rəqibə hörmət edirik, amma məqsədimiz qələbə qazanıb növbəti mərhələyə yüksəlməkdir”.

“Fehervar”ın gənc futbolçusu Milan Peto da komandasının şanslarını dəyərləndirib. 19 yaşlı yarımmüdafiəçi mərhələ adlamaq şanslarının yüksək olduğunu bildirib:

“Sumqayıt”ın futbolçuları fiziki cəhətdən güclüdür və yüksək keyfiyyətlərə malikdir. Cavab oyununda ilk görüşdəki kimi çıxış etməliyik. Bu zaman evdə də qələbə qazanmaq və mərhələ adlamaq üçün şansımız olacaq. Doğma azrkeşlər qarşısında ilk oyunumuzu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, tribunalar dolu olacaq. Mövsümün ilk iki matçında meydana çıxdığım üçün çox şadam. Məqsədim komandaya fayda verməkdir”.

Xatırladaq ki, sabah Macarıstanda keçiriləcək “Fehervar” – “Sumqayıt” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: