Türkiyənin “Fənərbaxça” klubunun yetirməsi olan İlqar Qurbanov futbol üzrə Azərbaycanın əsas milli komandasının direktoru təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
İlqar Qurbanov 2021-ci ilin yanvar ayından bəri milli komandaların skautu vəzifəsində çalışırdı. Bundan sonra isə o, fərqli vəzifədə millinin uğurları üçün fəaliyyət göstərəcək.
Qurbanov futbolçu karyerası ərzində Azərbaycan milli komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub. O, futbolçu karyerası ərzində “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”, “Olimpik” (Bakı), həmçinin Türkiyədə “Sivasspor”, “Boluspor” və “Mersin İdman Yurdu” kimi komandaların formasını geyinib.
“Fənərbaxça”nın yetirməsi olan İlqar vaxtilə Türkiyənin U-15, U-16 və U-17 yığmalarında oynayıb. Sonralar isə o, Azərbaycanın U-19 və U-21 yığmalarına cəlb olunub, 2004-cü ildən də əsas millimizdə oynamağa başlayıb.


