Azərbaycanlı futbolçular Emil Mustafayev və Zamiq Əliyev Avropa Konfrans Liqasında növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, Emil Mustafayevin formasını geyindiyi Ukraynanın “Polesye” komandası Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Sloveniyanın “Olimpiya” (Lyublyana) komandası ilə qarşılaşıb.
Bir həftə öncə keçirilmiş səfər oyununda 0:2 hesabıyla uduzmuş “Polesye” cavab qarşılaşmasından da 1:2 hesablı məğlubiyyətlə ayrılıb və Konfrans Liqasına vida edib. Bununla da tarixində ilk dəfə avrokuboklara qatılmış “Polesye”nin debütü uğursuz yekunlaşıb.
Səfər qarşılaşmasında start heyətdə meydana çıxmış Emil Mustafayev, 58-ci dəqiqədə əvəzlənib. Ötən gecə baş tutan cavab görüşündə isə o, 90+1-ci dəqiqədə meydana buraxılıb.
Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın “Eqnatiya” komandası isə Konfrans Liqasının 2-ci raundunda İslandiya “Vikinqur”u ilə mübarizə aparıb. Səfərdə 1:0 hesablı qələbə qazanmış futbolçumuzun komandası ötən gecə doğma meydanda 0:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb. Zamiq də hər iki görüşün iştirakçısı olub. O, ilk qarşılaşmada start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Ötən gecə baş tutan oyunda isə Zamiq fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb.
Xatırladaq ki, “Eqnatiya” bu mövsüm avrokubok mübarizəsinə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən başlamışdı. Bosniya və Herseqovina “Borats”ı ilə mübarizənin yekununda penaltilərlə uduzan Albaniya çempionu Konfrans Liqasına düşmüşdü. “Eqnatiya”ya bu yay “Araz-Naxçıvan”dan azad agent kimi keçmiş Zamiq Əliyev də həmin görüşlərdə iştirak etmişdi.
Yeri gəlmişkən, Zamiq bir neçə gün öncə “Eqnatiya”nın İtaliya nəhəngi “Napoli” ilə yoxlama oyununda da iştirak edib. O, 0:4 hesabıyla uduzduqları matçda 88 dəqiqə oynayıb, 85-ci dəqiqədə sarı vərəqə də alıb.



