“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 1-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis qolsuz bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Bu bizim üçün pozitiv nəticə sayıla bilməz. Mən nəticədən razı deyiləm. “Neftçi” kimi böyük tarixə malik olan klub öz meydanında yalnız qələbə qazanmalıdır. Bunun üçün çalışacağıq. Hücum xəttini daha da rəqabətli etməyi planlaşdırırıq. İstəyirik ki, ön xəttə keyfiyyətli oyunçular qoşulsunlar və hazırda komandamızda olan hücumçularla rəqabət yaratsınlar. Düşünürəm ki, bu addımları atandan sonra hücumda daha effektli olacağıq”.
Vaxtilə “Qəbələ”də də işləmiş Roman Qriqorçuk illər sonra qayıtdığı Azərbaycan çempionatı və “Neftçi Arena”nın durumu barədə də fikirlərini paylaşıb:
“Bütün bu illərdə Azərbaycandan uzaq olduğumu hiss etmirdim. Çünki daim jurnalistlərlə danışırdıq, müsahibələr verirdim. Tam olaraq Azərbaycan futbolundan uzaqlaşmamışdım.
Qazonun durumuna gəlincə, bu haqda kritik fikirlər bildirmək istəmirəm. Çünki obyektiv səbəbləri var. Mən hamıya deyirdim ki, bu arenanı çox sevirəm. Burada “Qəbələ” ilə oynadığımız dönəmlərdə meydança əla olurdu. İstəyərdik ki, ot örtüyü daha da yaxşı olsun”.
“Bu oyun çatışmayan cəhətlərimizi açdı” – Kurban Berdıyev
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev də “Neftçi” ilə oyundan sonra fikirlərini dilə gətirib:
“Çətin oyun olacağını bilirdik. “Neftçi” çox yaxşı komandadır. Bu oyun bizim çatışmayan və üzərində işləməli olduğumuz cəhətlərimizi açdı. Ümümi olaraq futbolçuların çalışqanlığından və oyun boyu hər epizodda apardıqları mübarizədən razı qaldım. Yaxşı atmosfer var idi. Bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu, bizim üçün vacibdir”.


