Bu yay “Neftçi”dən ayrılan Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilov bundan sonra Malayziyada çıxış edəcək.
Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu Malayziyanın “Johor Darul Tazim” klubuna keçib.
O, sözügedən klubla 1 illik müqaviləyə imza atıb. İsrafilov 2025-ci ilin 31 mayına kimi “Johor Darul Tazim”in uğurları üçün çalışacaq. Millimizin üzvü yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Eddi İsrafilov 2022-ci ilin yanvar ayından “Neftçi”də forma geyinirdi. Təcrübəli yarımmüdafiəçi paytaxt klubunun heyətində 71 oyuna 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
İsrafilov karyerası ərzində “Albasete”, “Real Mursiya”, “Alkorkon”, “Kadis”, “Kordoba”, “Ximnastik”, “Eybar” və “Qranada” kimi klubların da formasını geyinib.
İspaniyada dünyaya göz açmış İsrafilov 2015-ci ilin mart ayından formasını geyindiyi Azərbaycan millisində 26 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.



