Naci Şensoy “Qarabağ”ı Türkiyə klublarına nümunə göstərdi

“Turan”ın (hazırkı “Turan Tovuz”) sabiq baş məşqçisi Naci Şensoy Azərbaycan çempionu “Qarabağ”ın uğurlarına münasibət bildirib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında səfərdə “Ludoqorets”ə (Bolqarıstan) 7:2 hesabı ilə qalib gəlmiş Ağdam klubu barədə fikirlərini sosial şəbəkə hesabında bölüşüb:

“Qarabağ” son 10 ildə avrokuboklarda öz damğasını vurur. Çünki bizim üst səviyyəli klublardan fərqli olaraq, “ununu ələmiş, ələyini asmış” transferlər əvəzinə məşhur olmayan, dinamik və məhsuldar oyunçulara üstünlük verir”.

Naci Şensoy Türkiyə klublarındakı idarəetməni tənqid edib və “Qarabağ”ı onlara nümunə göstərib:

“Qalatasaray”ın UEFA Kubokunu qazandığı komandada cəmi 2-3 əcnəbi var idi. Alınan əcnəbilər də Hacı, Popesku və ya Taffarel kimi keyfiyyətli futbolçular idilər. Onlar alınanda yaşları 30-u keçməmişdi. Bu nailiyyəti əldə etdikdən sonra hədəf Çempionlar Liqası titulu idi. Amma təəssüf ki, Türkiyə futbolu günü-gündən geriləməyə başladı. Düşünürəm ki, yanlış transfer siyasəti əsas problemdir. Liqamızda çempionluq qazanan “Bursaspor” belə, bu səbəbdən müflis olub həvəskar liqaya düşdü.

Son illər transfer işində özümüzü ərəb və ya Çin klubları kimi aparmağa başlamışıq. Adı, karyerası olan yaşlı və faydasız əcnəbiləri, hətta 36-37 yaşlıları transfer etməyə başladıq. Beləliklə, biz sadəcə azarkeşi aldatdıq. Amma “Qarabağ” belə etmədi. Ağıllı insan özünün deyil, başqalarının səhvlərindən dərs çıxarandır. Məsələn, “Qarabağ” klubunun rəhbərliyi və baş məşqçisi – köhnə dostum Qurban Qurbanov özünü avropalı kimi aparır və çox rasional transfer siyasəti yürüdür. Ona görə də uğurdan-uğura gedirlər. Bir daha təbriklər, avropalı “Qarabağ”.

Naci Şensoy “Qarabağ”ın avrokuboklardakı bu qələbələrinin həm də siyasi uğur olduğunu bildirib: “Bəli, Qarabağ torpaqları qanla alındı. Buna görə bütün şəhidlərə rəhmət diləyirəm. Amma unutmaq olmaz ki, “Qarabağ” futbol klubu da yaşıl meydanlarda qeyri-adi təbliğatı ilə Qarabağın Azərbaycanın olduğunu bütün dünyanın, o cümlədən avropalıların şüuruna həkk etdi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: