Krunoslav Renduliç: “Şanslar hələ də bərabərdir”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 3-cü raundunda “Sent Patriks Atletik”ə qarşı oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İrlandiya təmsilçiləri arasındakı ilk qarşılaşmada “Sent Patriks Atletik” doğma meydanda 1:0 hesablı qələbəyə sevinib.

Bu komandaların cavab görüşü sabah “Masazır Arena”da baş tutacaq. “Bayquşlar”ın çalışdırıcısı cavab matçından öncə keçirilən mətbuat konfransında bunları söyləyib:

“İlk matçda məğlub olmuşuq. Bilirik ki, sabah çox ağır oyun olacaq. Şanslar hər iki komanda üçün bərabərdir. Çalışacağıq ki, şansımızdan istifadə edək. Sabah üçün hazırıq. Bəzi çatışmazlıqlarımız var. İvan Lepinitsa qırmızı vərəqəyə görə cəzalı durumdadır. Bunun həllini tapmağa çalışacağıq.

İlk oyunda zəif təsir bağışladığımıza dair fikirlərlə müəyyən qədər razıyam. Orada istədiyimiz oyunu sərgiləyə bilmədik. İlk hissədə oyuna nəzarət edirdik. Azlıqda qalandan sonra möhtəşəm performans göstərə bilməzdik. Fakt odur ki, biz uduzmuşuq. İlk oyundan əvvəl də demişdim ki, şanslar bərabərdir”.

Krunoslav Rendulik sabahkı matçın penaltilərə qədər uzanacağına inanmadığını bildirib:

“Komandada kimlərin penalti vurduğunu bilirəm. Amma sabahkı oyun penaltilər seriyasına kimi getməyəcək”.

“Bunu bacara bilsək, bizim üçün fantastika olar”

“Sabah”ın hücumçusu Pavol Şafranko da cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib. Sloveniyalı hücumçu bunları dilə gətirib:

“Atmosfer çox yaxşıdır. Məşqlərimiz yaxşı keçir. Bu matçdan öncə istirahət və bərpa olunmaq üçün daha çox vaxtımız oldu. Hamımız bir-birimizə inanırıq. Azarkeşlərimizlə birlikdə çalışacağıq ki, klubumuz üçün ən yaxşısını edək.

Əsas hədəfim hər oyundan qalib ayrılmaqdır. Qrup mərhələsinə vəsiqə qazanmağa çalışmalıyıq. Bunu bacara bilsək, bizim üçün fantastika olar. İnanıram ki, bu hədəfi gerçəkləşdirə bilərik. Çempionatda “Qarabağ”a qarşı mübarizə aparmağa çalışmaq lazımdır. Yaxşı mübarizə aparsaq, hər komandaya qalib gələ bilərik”.

“Məğlub olsaq, bunu normal qarşılayacağıq”

“Sent Patriks Atletik”in baş məşqçisi Steffen Kenni də “Sabah”la cavab görüşündən öncə düşüncələrini paylaşıb. İrlandiyalı mütəxəssis qələbəyə ümid etdiklərini bildirib:

“Uzun məsafə qət edərək, Azərbaycana gəldik. Bir az yorğunluq var. Bununla belə, “Sabah”la görüşə yaxşı hazırlaşmışıq. Məqsədimiz qələbə qazanaraq, növbəti mərhələyə adlamaqdır. Məğlub olsaq, bunu normal qarşılayacağıq. Çünki rəqib büdcə baxımından bizdən üstündür”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: