Azərbaycan Premyer Liqasının 3-cü turundakı “Qarabağ”la görüşü təxirə salınmış “Şamaxı” bu gün yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda Birinci Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşıb.
Şamaxı şəhər stadionunda baş tutan oyun Premyer Liqa təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib. Qalib komandanın heyətində Belaydi Pusi ilə Brahim Konate dubla imza atıblar. Digər bir qolu isə Conatan Benteke vurub.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib. Bu üzdən də PFL bu matçın təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınan qarşılaşmanın tarixi ilə bağlı əlavə məlumat veriləcək.
“Qarabağ” Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə ardıcıl iki qələbə ilə başlayıb və 6 xalla liderdir. “Şamaxı” isə ilk 2 turdan sonra 1 xalla 7-ci sırada qərarlaşıb.


