Föller: “Qoretskanın “Bayern”i tərk etməsi məntiqli olar”

Almaniya yığmasının idman direktoru Rudi Föller mərkəz yarımmüdafiəçisi Leon Qoretskanın “Bayern”dəki vəziyyəti haqda danışıb.

Arena.az xəbər verir ki, bundan əvvəl mətbuatda, Münhen klubunun rəhbərliyinin futbolçunun getməsi üçün ona təzyiq göstərdiyi barədə məlumatlar yayılmışdı.

“Əgər onun dünya çempionatı üçün Almaniya yığma komandasına qayıtmaq iddiaları varsa, o zaman onun “Bayern”i tərk etməsi məntiqlidir. Bununla belə, o, özü qərar verməlidir. Müqavilə var, amma futbolçu da özünü rahat hiss etmək və meydanda dəqiqələr qazanmaq istəyir”, deyə Rudi Föller bildirib.

Xatırladaq ki, Leon Qoretska “Bayern”ə 2018-ci ilin iyul ayında “Şalke”dən azad agent qismində keçib. Yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024 mövsümündə Leon münhenlilərin heyətində 42 oyuna çıxıb. O, bu oyunlarda 6 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib. Qoretskanın “Bayern”dəki ümumi karyerası isə 221 oyun, 40 qol və 46 məhsuldar ötürmədən ibarətdir.

Almaniyalı futbolçu “Bayern”dən öncə “Şalke” və “Boxum” klublarının da uğurları üçün çalışıb.

Qoretska 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 57 oyun keçirib, 14 qol vurub, 11 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Leon Qoretskanı 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: