Dünya çempionatı: Esra Məmmədli üçün bürünc şansı

İordaniyanın paytaxtı Amman şəhərində 17 yaşadək güləşçilər arasında təşkil olunmuş U-17 dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, mundialın üçüncü günündə qızlardan ibarət Azərbaycan millisinin iki üzvü mübarizəyə qoşulub.

Esra Məmmədli (49 kq) 1/8 finalda qırğızıstanlı Feruza Akmatbekova üzərində inamlı qələbə qazanıb – 8:1. Güləşçimiz macarıstanlı Sonya Nemetə də 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Məmmədli finalın bir addımlığında yaponiyalı Utaha Yui ilə bacarmayıb – 0:9. Esra sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Polina Boçkaryova (Rusiya) – Fəridə Abdraxmanova (Qazaxıstan) görüşünün qalibi olacaq.

Fidan Babayeva (57 kq) debütdə belaruslu Palina Brahinetsə 0:2 hesabıyla məğlub olub.

Sabah daha 4 qız güləşçimiz dünya çempionatında xalça üzərinə çıxacaq.

Avqustun 19-da start götürmüş U-17 dünya çempionatı ayın 25-də baş tutacaq. Daha öncə Azərbaycan yığmasının heyətində Əmrah Əmrahov (48 kq) bürünc medal qazanıb. Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) isə bu gün dünya çempionu olublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: