Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Farer adaları təmsilçisi “Klaksvik”lə üz-üzə gəlib.
Finlandiya klubu bu rəqiblə ilk oyununu səfərdə keçirib. Dörd qolluq qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
Ozan bu görüşə start heyətdə başlayıb. O, 60-cı dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib.
Bu komandalar arasındakı cavab görüşü avqustun 29-da Finlandiyada təşkil olunacaq.
Xatırladaq ki, son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində hələlik 4 oyun keçirib, fərqlənə bilməyib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


