“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:
“Maraqlı oyun oldu. İstədiyim futbolu ala bildim. Komanda yaxşı oynadı. İlk dəqiqədən sona qədər dinamikanı saxladıq. Futbolçularıma təşəkkür edirəm. Yeni komandayıq. 11 nəfərdən 10-u ilk dəfədir ki, bu komandadadır. “Kəpəz” də yeni heyətə malikdir. Premyer Liqada qalmaq üçün mübarizə apara bilər. Hesab bizi aldatmasın. Onlar da vuruşdular, başabaş mübarizə apardılar. İrəliyə baxmalıyıq. Bu oyunu unudub gələn oyuna köklənməliyik”.
Diniyev növbəti turda qarşılaşacaqları “Turan Tovuz” və yeni baş məşqçisi Kurban Berdıyev barədə də danışıb:
“Mən “Terek”də işləyəndə, Berdıyevlə tanışlığımız var idi. Çox səviyyəli məşqçidir. Hər şeyi analiz edən, intizamı sevən biridir. Müdafiədə daha etibarlı olmağı, risk etməyi sevən məşqçidir. Heç bir komandanın məğlubiyyətini istəmirəm. Mənim azarkeşlik etdiyim “Səbail”dir”.
“Səbail”in çalışdırıcısı bu yay yeni transfer etməyəcəklərini də bildirib: “Transferləri qışa qədər bitirmişik. Rotasiyalar edirik. Suleyman Alluşu da oynadırdıq. Samir Abdullayev də var. Çox perspektivli biridir”.
Şahin Diniyev avrokuboklardakı təmsilçilərimizin – “Zirə” və “Qarabağ”ın məğlubiyyətinə də münasibətini açıqlayıb:
“Hər ikisinin məğlubiyyəti gözlənilməz oldu. “Qarabağ” oyun göstərdi. Oyuna baxmayan deyərdi ki, darmadağın oldu. Halbuki 3:0 əks tərəfdə olmalıydı. “Qarabağ” müdafiədən oynamadı, öz futbolunu oynadı. Alqışlanası haldır. Oyun varsa, nəticə olacaq. “Qarabağ”a və “Zirə”yə görə üzüldüm. “Zirə”nin oyunu ilk dəqiqələrdən alınmadı. Oyun baxımından artırıblar. Sadəcə, bu dəfə olmadı. Komanda öz səviyyəsindən aşağı çıxış etdi. Baş məşqçi daha yaxşı bilər. Bu hesaba layiq deyildilər”.
“Yeni transferlər etməyə məcburuq” – Adil Şükürov
“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının ardıcıl 4-cü məğlubiyyətinə belə şərh verib:
“Belə oyunlardan sonra danışmaq ağırdır. Daha yaxşı komanda görmək istəyirik. Amma komanda istədiklərimizi meydanda həyata keçirə bilmir. Vaxt lazımdır. O vaxtı qazana bilsək… Rəhbərliklə danışmışıq. İstəyirlər ki, komandamıza yeni oyunçular cəlb edək. Bu yöndə işlərimiz davam edir. Sıfırdan yığılan komandaya ayyarım bəs etmir. Vaxt lazımdır. Hətta nəzərə alsaq ki, komandadakı oyunçuların hamısı gəncdir, daha uzun müddət lazımdır. Komanda hazırlaşıb. Bu kollektiv gələcəkdə gücünü göstərəcək. Komanda az səhv etməlidir ki, qol buraxmasın. Bunları görürük.
Ən asan şey qaçmaqdır. Heç kimin qarşısından qaçan deyilik. Komandamızı da düzəldəcəyik. Bu komanda ilə liqada oynayacağıq. Qaçmaq qorxaqlıqdır. Top buraxırıq, amma çalışırıq ki, müdafiədə oturmayaq, hücum edək.
Yeni transferlər etməyə məcburuq. Rəhbərlik özü də vəziyyəti görür. Bu vəziyyətdən çıxış yolu axtarırlar. Bir şeylər fikirləşib, tapacaqlarına inanıram”.


