Kurban Berdıyev: “Qarabağ” flaqmandır, nəticədən razıyam”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, türkmən mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Fikrimi qısa ifadə etməli olsam, uşaqlara bu canfəşanlığa, oyuna, nizam-intizama görə təşəkkür edirəm. “Qarabağ”a Zaqreb “Dinamo”su ilə Çempionlar Liqası matçında uğurlar arzulayıram. İnanıram ki, onlar mərhələni keçməyi bacaracaq”.

Kurban Berdıyev “Neftçi” ilə matçdan sonra oyundan razı, nəticədən isə narazı qaldığını açıqlamışdı: “Əlbəttə, bu gün nəticədən də razı qaldım. Nəticədən razı qalmamaq mümkün deyil. “Qarabağ” çox güclü rəqibdir, Azərbaycan futbolunun flaqmanı sayılır”.

“Turan Tovuz” qələbəyə layiq idi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə komandasının yeni mövsümdəki ilk məğlubiyyətinə belə şərh verib:

“Çempionata hazır olmaq baxımından bizim üçün çox vacib oyun oldu. Bu gün qarşımızda yaxşı müdafiə olunan, vuruşan kollektiv var idi. Kurban Berdıyev müdafiəni qurmaqda çox tanınmış mütəxəssislərdən biridir. Həmçinin əks-hücumları yaxşı qurur. Bunu bilirdik. Amma nə qədər də olsa, “Turan Tovuz”u yaxından tanımırdıq. İstər-istəməz bizim fikrimiz daha çox Çempionlar Liqasında idi. Buna baxmayaraq, rəqib qalib gəlibsə, təbrik etməyə borcluyuq. İstəkləri ilə, oyun nizam-intizamı ilə qələbəyə layiq idilər. Tovuzda həmişə futbola maraq olub. Bu gün də gördük ki, tribunada Tovuzdan gəlmiş nə qədər azarkeş var idi. Mövsümboyu qarşımızda yaxşı rəqib olacaq. Öz azarkeşlərimizə təşəkkür edirəm, sona qədər bizimlə oldular”.

Qurbanov avrokubok matçlarının komandasının çempionatdakı çıxışına təsirindən də söz açıb:

“Ümumiyyətlə, Avropada oynadığımız bütün matçların təsiri var. Fərqli heyət oynayır, bəzi rotasiyalar edirik. İki heyətlə 3-4 gündən bir oynayanda futbolçular hamısı birgə məşq edə bilmir. Məşq dinamikası, keyfiyyəti pozulur. Belə sıx qrafikdə futbolçuların hamısının sağlam olması da vacibdir. Marko Veşoviçlə Marko Yankoviçin yoxluğu iki futbolçunun olmaması deməkdir. Bizə qarşı hamı çox ciddi hazırlaşır. Bu da normaldır. Hər futbolçuya inamla, hörmətlə yanaşıram. Belə məğlubiyyətlər komandaya faydası daha çox olur. Bunun tez olması işimizə daha məsuliyyətlə, düzgün yanaşmağımıza kömək edəcək. Mateuş Koxalskinin ilk oyunu idi. Lazım olan epizodlarda düzgün qərarlar verdi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: