Dambrauskas: “Omoniya”nı motivasiya etməyə ehtiyac yoxdur”

“Omoniya”nın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının pley-offunda “Zirə”yə qarşı cavab matçından öncə fikirlərini paylaşıb.

Arena.az xatırladır ki, Azərbaycan və Kipr təmsilçiləri arasındakı ilk qarşılaşma Nikosiyada baş tutub və meydan sahiblərinin 6:0 hesablı qələbəsiylə yekunlaşıb.

Cavab görüşü isə sabah “Dalğa Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

Bu gün “Omoniya”nin baş məşqçisinin iştirakı ilə Bakıda mətbuat konfransı keçirilib. Litvadan olan 47 yaşlı mütəxəssis əvvəlcə bunları söyləyib:

“Burada olmaq xoşdur. Qonaqpərvərlik yüksək səviyyədədir. Sabah maraqlı oyun olacaq. Bu oyunda yaxşı çıxış edib sərfəli nəticə qazanmaq istəyirik. İlk oyundan sonra konsentrasiya yüksək səviyyədədir. Qələbədən sonra bunu azarkeşlərimizlə bayram etdik. Fikirləşirəm ki, komandamı motivasiya etməyə ehtiyac yoxdur. Hər şey qaydasındadır. İlk oyundan sonra çempionat matçına çıxdıq. Yorğunluq var idi, artıq müəyyən zaman keçib. Fikrimcə, hər şey yaxşıdır.

Rəqib komanda iddialı klubdur. Məşqçiləri də iddialı mütəxəssisdir. Bilirik ki, sərfəli nəticə qazanmağa çalışacaqlar. “Zirə”dən bunu gözləyirik. Ona görə də, həm müdafiə xəttində, həm də digər mövqelərdə diqqətli olmalıyıq.

Hansı oyunçuları meydana buraxmağım oyunun gedişinə uyğun dəyişən bir haldır. Ən yaxşı oyunçularımızla çıxış edəcəyik. Uğurlu nəticə qazanmaq üçün nə lazımdırsa, onu da edəcəyik”.

Dambrauskas komandasının cari mövsümdə qələbələri sıralamasından da söz açıb:

“Davamlı uğurlu çıxışımızın səbəbi kompleks amillərin məcmusudur. İşlədiyim oyunçu qrupundan məmnunam. Avropada ən yaxşı atmosferə sahib komandayıq. Bunun üçün azarkəşlərimizə təşəkkür edirəm. İstənilən rəqib bizimlə doğma meydanımızda əziyyət çəkir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: