Qriqorçuk: “Darbo çox yaxşı tanıdığım futbolçudur”

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk qambiyalı hücumçu Dembo Darbonun paytaxt klubuna transfer olunmasına münasibət bildirib.

Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Dembo Darbo “Neftçi” üçün yaxşı transferdir. O, hücum xəttimizi gücləndirə və zənginləşdirə biləcək keyfiyyətlərə malikdir. Çox yaxşı tanıdığım futbolçudur. Biz birlikdə Belarus çempionu olmuşuq. Dembo çoxlu qol vururdu. İnanıram ki, “Neftçi”də də uğurlu çıxışı, qolları ilə yadda qalacaq”, deyə Qriqorçuk vurğulayıb.

Xatırladaq ki, Darbo “Neftçi”yə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan keçib. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. Hücumçu yeni komandasının heyətində 22 nömrəli formanı geyinəcək.

Dembo Darbo peşəkar karyerasına Qambiyanın “Real de Banjul” klubunda başlayıb. Daha sonra o, Seneqalın “ASEK Ndjambur”, Şimali Makedoniyanın “Şkupi” klublarında çıxış edib.

2021-ci ilin yanvarında Soliqorsk “Şaxtyor”u “Şkupi”yə 700 min avro ödəməklə Darbonu heyətinə qatıb. O, bu komandada “Neftçi”nin indiki baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında 2021-ci ildə Belarus çempionatının və Belarus Super Kubokunun qalibi olub. 2022-ci ilin avqustunda isə BƏƏ-nin “Əl-Nəsr” klubu 1,5 milyon avro ödəməklə onu öz heyətinə qatıb. Dembo “Əl-Nəsr”də cəmi 14 oyun keçirib, 3 qol və 1 assistlə yadda qalıb. Son mövsümlərdə isə o, icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Darbo sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Dembo 2021-ci ilin oktyabr ayında debüt etdiyi Qambiya milli komandasında 5 oyun keçirsə də, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: