“Zirə” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2024/2025-ci illər mövsümündə növbəti sınağına çıxacaq.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin pley-off mərhələsində Kipr klubu “Omoniya” ilə qarşılaşacaq.
Bu komandaların ilk görüşü Nikosiyadakı “GSP Arena”da baş tutub və Azərbaycan klubunun ağır məğlubiyyəti ilə başa çatıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv səfərdə 6 cavabsız qola üzülüb. Bu üzdən də zirəlilər Bakıdakı cavab görüşündə həmin məğlubiyyətin qisasını almağa çalışacaqlar. Təbii ki, belə hesabla uduzan komanda üçün cütün taleyini xeyrinə həll etmək mümkünsüz görünür. Amma ən azından avrokuboklara qələbə ilə vida etmək, reytinq xalları qazanmaq mümkündür.
“Omoniya” cari mövsümdə avrokubok mübarizəsinə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən başlayıb. Startda Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə qarşılaşan zirəlilərin rəqibi evdə 3:1, səfərdə 2:1 hesablı qələbəyə sevinib. 3-cü təsnifat mərhələsində isə bu komanda Macarıstan “Fehervar”ını mübarizədən kənarlaşdırıb – evdə 1:0, səfərdə 2:0.
Göründüyü kimi, “Omoniya” cari mövsümdə qələbələri sıralamaqdadır. Ümid edək ki, “Zirə” Kipr təmsilçisinin bu uğurlu seriyasına son qoymağı bacaracaq.
Azərbaycan təmsilçisi isə cari mövsümə Avropa Liqasından başlayıb. Bu turnirin 1-ci təsnifat mərhələsində Moldova “Şerif”i ilə qarşılaşmış Rəşad Sadıqovun komandası səfərdə 1:0 hesablı qələbə qazansa da, evdə 1:2, penaltilərdə də 4:5 hesabıyla uduzaraq Avroliqa ilə vidalaşıb. Mübarizəni Konfrans Liqasında davam etdirən təmsilçimiz bu turnirin 2-ci raundunda Slovakiyanın “Dunayska Streda” komandasını üstələyib – evdə 4:0, səfərdə 2:1. 3-cü raundda isə təmsilçimiz Xorvatiya “Osiyek”indən güclü olub – səfərdə 1:1, evdə 2:2, penaltilər 2:1.
Onu da xatırladaq ki, “Omoniya” tarixində üçüncü dəfə avrokuboklarda Azərbaycan klubu ilə üz-üzədir. Bu komanda ötən il “Qəbələ” ilə qarşılaşmış, Qəbələdə 3:2, Nikosiyada isə 4:1 hesablı qələbələrə sevinmişdi. Əvəzində “Qarabağ” 2021/22 mövsümündə Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub etmiş, Bakıda isə 2:2 hesablı heç-heçə ilə kifayətlənmişdi.
Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunu
29 avqust
20:00. Zirə – Omoniya
Hakimlər: Vitali Spasyonnikov, Raymond Tatrik, Artur Şakurov, Aleksandr Anufriyev (Hamısı Latviya).
Mərdəkan. “Dalğa Arena”.
İlk oyun – 0:6.


