Zurab Oçiqava “Qəbələ”yə lazım olmadı

Daha öncə Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışmış ukraynalı müdafiəçi Zurab Oçiqava “Qəbələ”dən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2023-cü ilin iyulundan bu komandada çıxış edən ukraynalı oyunçu qırmızı-qara formada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan Kubokunda 3 oyunda iştirak edib. Oçiqavanın “Qəbələ” ilə müqaviləsi 2025-ci ilin 30 iyununa qədər idi.

Ukraynalı legionerin “Qəbələ”dən öncəki son klubu məhz “Sabah” olub. O, 2021-ci ilin fevral ayından “Qəbələ”yə keçənə qədər paytaxt klubunda forma geyinib. Zurab Oçiqava bu komandanın heyətində cəmi 36 oyuna çıxıb. Mərkəz müdafiəçisi bu görüşlərdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ukraynanın U-20 və U-21 yığmalarının sabiq üzvü “Levadiya”, “Olimpik” (Donetsk), “Dinamo” (Kiyev), “Dnepr”, “Mariupol” və “Vorskla”da da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: