Vensan Kompani: “Məsələ çox qaçmaqda deyil”

“Bayern”in belçikalı baş məşqçisi Vensan Kompani futbolçularının yeni mövsümdəki çıxışı və məşqləri haqda söhbət açıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, ora-bura daha çox qaçmaq məsələsi deyil. Əgər biz qol vururuqsa, bu, mənim üçün yaxşıdır. Bu, daha çox topa sahibolma və topsuz necə fəaliyyətimizlə bağlı bir xüsusdur. Futbolçular çox yaxşı formadadırlar, biz isə həm də heyətimizi çox növbələşdiririk. Yüksək səviyyəli oyunçu bunu etməlidir, başqa yol yoxdur”, deyə Kompani vurğulayıb.

Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Belçikalı mütəxəssis alman mütəxəssis Tomas Tuxeli əvəzləyib. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığını qoyub.

Öz növbəsində Kompani işə uğurla girişib. “Bayern” belçikalı mütəxəssisin rəhbərliyi altında ilk oyununda həvəskar “Rottax-Eqern” üzərində 14:1 hesablı qələbə qazanıb. Daha sonra Kompaninin “Bayern”i Almaniya Kubokunun 1/32 final mərhələsi çərçivəsində ilk rəsmi oyununda “Ulm”u 4:0 hesabı ilə məğlub edib. Bundesliqada isə “Bayern” ardıcıl 3 turda qələbələri sıralayaraq, 9 xalla yarış cədvəlnin zirvəsində qərarlaşıb. Çempionlar Liqasına gəlincə, Kompaninin “Bayern”i qitənin ən mötəbər klub yarışına Münhendə Zaqreb “Dinamo”sunu 9:2 hesabı ilə kötəkləməklə başlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: