“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayırdıq. “Neftçi”nin son nəticələrinə baxdıqda, bizə qarşı çox ciddi hazırlaşacaqlarını bilirdik. Bunu meydanda hiss etdik. İlk hissədə 3 qol vursaq da, fasiləyə yaxın daha çox hücumda olan tərəf idilər. İkinci yarıda riskə getdilər. Xeyli çətinlik çəkdik. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox mədəni formada yaxşı azarkeşlik etdilər. “Neftçi”yə və Roman Qriqorçuka uğurlar arzu edirəm”.
Qurbanov “Neftçi”nin indiki durumundan və ötən gün bu klubdan ayrılmış “Qarabağ”ın sabiq futbolçusu Qara Qarayevin yenidən Ağdam təmsilçisinə mümkün qayıdışından da söz açıb:
“Neftçi” rəqibimiz olsa da, özüm bu komandanın azarkeşi olmuşam. Orada oynamışam, baş məşqçi olmuşam. Bu nəticələr heç birimiz üçün xoş deyil. Səbirli olmaq lazımdır. Futboldur, hamımızın işində belə nəticələr ola bilər. Heç bir komanda üçün belə uğursuzluq istəmərəm. Hər biri öz komandalarımızdır. Avrokuboklarda hamımız bir oluruq. Məncə, səbirlə gözləmək lazımdır. “Neftçi” böyük tarixə malik klubdur. Əvvəl-axır, sonda yenə öz əvvəlki nəticələrini geri qaytaracaq.
Qara Qarayevə gəlincə, bu gün onun “Qarabağ”a qayıtmasına dair hansısa fikir yoxdur. Amma Qaranın indi çempionatda iştirak etməməsi məni üzür. Təcrübəli futbolçudur, ağıllı insandır. Ən doğrusunu düşünəcək. Bizim komanda olaraq, planımızda belə şey yoxdur. “Qarabağ”da olanda da millidə oynamırdı. Söhbətimiz olurdu. Belə hallarda bütün futbolçulara tövsiyyəm o olub ki, darıxmayın, səbir edin. Qara güclü xarakterə malik biridir. Oynamadığı halda da, məşqlərdə ən yaxşılardan olub, həmişə günahlandırıb. Burada oynamayanda da, heç vaxt məşqçinin üzərinə atmayıb”.
“Tottenhem”lə oyunun tempi bugünkü ilə eyni olmayacaq”
Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində İngiltərənin “Tottenhem” komandasına qarşı keçirəcəkləri səfər oyunundan da söz açıb:
“Tottenhem”i canlı izləmək üçün Londona getmədik. Heç kimi göndərməmişdik. Bu oyunla oradakı oyunun tempi eyni olmayacaq. Rəqib məcbur edir ki, daha sürətli oynayaq. Təəssüf ki, tez-tez ritm dəyişir. Ən vacib elementlərdən biri, rəqibin tempinə hazır olmaqdır”.
Qurban Qurbanov Ağdamda yeni “İmarət” stadionunun təməlinin atılmasından da söz açıb:
“Maraqlandım, şəkillərinə də baxdım. Layihədən əvvəlcədən də xəbərim var idi. Deyəsən, əvvəlcə daha böyük tutumlu stadion nəzərdə tutulmuşdu. Sırf futbol stadionudur. Azarkeşlər meydançaya tam yaxındır. Tutum az görünə bilər, amma rayon bölgəsi üçün öz çempionatımızda problem olmayacaq. Avroliqa oyunları üçün böyük olsaydı, yaxşı idi. Amma bununla başlamaq da pis deyil. Çox sevindim. Özü də, 2028-ci ilin axırlarına tamamlamaq istəyirlər. Aktiv iş rejimi olacaq”.
“Neftçi” əsas kapitan Şeydayevdir, bu, mənim qərarımdır” – Qriqorçuk
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:
“Ölkədə iki bayram qeyd edilir. Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və yaxşı nəticə ilə sevindirə bilmədik. Bir neçə dəfə dediyimi təkrarlayacağam: mənim üçün heç də xoş olmayan odur ki, biz azarkeşlərimizi sevindirə bilmirik. Bunu yaşamaq mənim üçün çətindir. Amma əminəm ki, yaxşı futbol və yaxşı nəticəyə layiq olan qələbə ilə sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq.
Ən yaxşı edə biləcəyimiz hücumda topla oynamaq idi. Biz buna ümid edirdik və çalışırdıq ki, daha çox topla oynayıb, daha çox hücum edək. Bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik. Burada tək bizim günahımız yoxdur. Rəqibin güclü olması buna mane oldu. Müdafiə planında isə rəqibi öndə pressinq etmək istəyirdik. Amma yarımçıq alındı. Bu cür keyfiyyətli və sürətli oyunçulara qarşı mövqe müdafiəsi bizə çətinlik yarada bilər. Ona görə irəlidə pressinq etmək istəyirdik.
Yalnız bir hədəfimiz var. İndi turlarla qalib gəlməyəndə, adamın dili gəlmir, çoxlu sözlər deyək. İndi sakit duraq. Ümid edirəm ki, futbol haqda danışmaq daha asan olacaq. Onu görəcəksiniz. Hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək. İstədiyimiz kimi oynayanda, danışmaq daha asan olacaq. İndi susmağı daha üstün tuturam. Müxtəlif insanlar bu vəziyyətə fərqli baxır. Amma “Neftçi”nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm. Baş verənlərin hamısının dərin analizi var. Sakitəm, rahatam. Oyunçularımıza inanıram. İnanırıq ki, siz yaxşı futbol oynayan, yaxşı nəticə qazanan “Neftçi” görəcəksiniz”.
Ukraynalı mütəxəssis Emin Mahmudovun artıq “Neftçi”də kapitan olmadığını bəyan edib: “Dünəndən etibarən komandamızda əsas kapitan Ramil Şeydayevdir, ikinci Yuri Matias, üçüncü isə Robert Bauerdir. Bu, mənim qərarımdır”.


