Ozan Can Kökçü VPS-ə qarşı 11 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 24-cü turu çərçivəsində bu gün VPS ilə üz-üzə gəlib.

Helsinki klubu səfərdə baş tutan bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Ozan bu görüşün 79-cu dəqiqəsində meydana buraxılıb. Amma o, qısa müddət ərzində komandasına qələbə qazanmaqda kömək edə bilməyib.

Qeyd edək ki, bu, Ozanın Finlandiya çempionatındakı 5-ci oyunu olub. O, bu görüşlərdə hələlik 1 assistlə fərqlənə bilib.

HJK 24 turdan sonra topladığı 45 xalla “çempionluq qrupu”nun” 2-ci pilləsində qərarlaşıb. VPS isə 33 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır. Yarış cədvəlinə 47 xalı olan KuPS liderlik edir.

Son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 9 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: