Futzal üzrə Azərbaycan millisinin ən gənc üzvü Fərid Abbasov ötən gün Çexiya yığmasına qarşı keçirilən yoxlama oyununda debüt edib.
Arena.az xəbər verir ki, Çexiyanın Zlin şəhərində təşkil olunmuş sınaq matçında yığmamız 2:6 hesabıyla məğlub olub.
Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verən Fərid Abbasov qarşılaşmanı belə şərh edib:
“İlk oyunda olduğu kimi, ikinci görüşdə də mübarizə apardıq. Çalışdıq komanda olaraq bir-birimizə dəstək olaq, səhvlərimizi aqressiv şəkildə qarşılamayaq. Düzdür, hər iki oyunda məğlub olduq. Burada da əsas səbəb kimi təcrübəsizliyi qeyd edərdim. Təsəvvür edin ki, yeni bina tikilir, gəlmişik tikintidə çalışmağa və heç kim bir-birini tanımır. Komandamızda da bunu yavaş-yavaş yoluna qoyacağıq. Əsas odur ki, masajçıdan tutmuş həkimə, baş məşqçiyə qədər inam var. Bu iki oyunda 4 futzalçı debüt etdi ki, onlardan biri də mən oldum. Həyəcan var idi, amma dərin deyildi. Çünki ötən il U-19 millimizin heyətində Avropa çempionatının seçmə oyunlarında kapitan kimi iştirak etmişdim. Az da olsa, təcrübə toplamışam. Yeri gəlmişkən, klubda inkişaf etməyimə kömək edən məşqçilərim – Elvin və Teymur müəllimə təşəkkür edirəm. Vitali Borisov da şans verdi. Onun etimadını doğrultmağa çalışdım”.
20 yaşlı futzalçı ikinci yoxlama matçının ən yaxşısı seçilməsinə münasibət bildirib:
“Oyunlar yaxşı mənada yaddaşıma həkk oldu. Mübarizə apardıq, qol ötürməsi verdim. Komandamızın ən gənc üzvü kimi matçın ən yaxşısı seçilməyim isə uğurlu başlanğıcın cücərtiləridir. İnşallah, rəsmi matçlara qədər daha yaxşı vəziyyətdə olacağıq. Əlbəttə, yenidən Avropa çempionatının final mərhələsində iştirak etmək istərdik”.
Xatırladaq ki, hazırda Zlin şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisi Çexiya ilə keçirdiyi ilk yoxlama matçında 0:3, ikinci görüşdə isə 2:6 hesabı ilə məğlub olub. Fərid Abbasov ikinci yoxlama matçında millimizin ən yaxşı oyunçusu seçilib. İlk görüşdə Ülvi Əliyev yığmamızın ən yaxşısı olmuşdu.


