“Turan Tovuz”da Roderik Miller şoku

Futbol üzrə Panama milli komandasının və “Turan Tovuz”un mərkəz müdafiəçisi Roderik Miller ciddi zədə ilə üzləşib.

Arena.az xəbər verir ki, o, bu gün keçirilən Azərbaycan Premyer Liqasının 7-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” matçında sıradan çıxıb.

Tovuz şəhər stadionunda təşkil olunmuş matçın 13-cü dəqiqəsində rəqib futbolçu Ramon Maçadonun ayağının ucu Millerin üzünə tuş gəlib. Nəticədə sifətindən zədə alan futbolçu oyunu davam etdirə bilməyib. Roderikin əvəzində 18-ci dəqiqədə meydana Araş Qaderi buraxılıb. Panamalı futbolçunun zədəsinin nə dərəcədə ciddi olmasına isə qarşıdakı günlərdə ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Maraqlıdır ki, bu epizod zamanı qarşılaşmanın baş hakimi Elçin Məsiyev Ramon Maçadoya sarı vərəqə verməklə kifayətlənib. Halbuki, təhlükəli oynamış braziliyalı hücumçuya qırmızı vərəqə də vermək olardı.

Xatırladaq ki, Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. Onun Tovuz təmsilçisi ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var. Miller “Turan Tovuz”un heyətində 41 oyuna çıxıb, 8 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. Müdafiəçi Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında legioner həyatı yaşayıb.

Roderik Miller 2011-ci ilin oktyabr ayında debüt etdiyi Panama millisində 45 oyun keçirib, 2 qola imza atıb, 1 assist müəllifi olub. O, Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.

Xatırladaq ki, ilk hissədən sonra “Turan Tovuz” “Araz-Naxçıvan”la ev oyununda 0:1 hesabıyla məğlub durumdadır. Tovuz təmsilçisi bu oyundan qalib ayrılsa, yenidən vahid liderə çevrilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: