“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 4:2 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Biz bura xal götürməyə gəlmişdik. Buna görə oyunçularımı təbrik edirəm. Futbolçularım yaxşı oynadılar. Amma mükəmməl oynadığımızı deyə bilmərəm. Çünki yenə qapımızda iki qol gördük. Buna görə də məmnun deyiləm. Hücum xəttinin oyunundan razıyam. Burada sonuncu qələbəmizi iki il öncə əldə etmişik. “Səbail” bu gün də yaxşı oynadı. Amma biz daha yaxşı idik”.
Krunoslav Renduliç müdafiədəki səhvlərdən narazılığını bildirib:
“Müdafiədə səbirli oynamalıyıq. Hər vəziyyətə 100 faiz yanaşmaq lazımdır. Bu, sadəcə keyfiyyətdən asılı olan məsələ deyil. Hər vəziyyətə yuxarıdan aşağı baxmaq lazım deyil, daha diqqətli oynamaq lazımdır. Bunu oyundan qabaq da demişdim. Müdafiədə daha məsuliyyətli olmalıyıq.
Oyundan-oyuna irəliləyirik. Heç vaxt nə baş verəcəyini deyə bilmərik. Gələcəkdə nə olacaq, o haqda çox da fikirləşmirik. Sabahdan “Qarabağ”la oyuna hazırlaşacağıq. Çünki onlar növbəti rəqibimizdir”.
“Qısa zamanda nəticə də olacaq” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:
“Oyun haqda çox danışmaq istəmirəm. Dinamik matç idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Bəsit qollar buraxdıq. Üç qolu buraxmağa layiq deyildik. Heç nədən penalti verildi. “Sabah”ın keyfiyyətli oyunçuları oyunun taleyini həll etdilər. Komandam öz səviyyəsinə uyğun futbol oynadı. Çox qol epizodları yaratdıq. Komandadan narazılığım yoxdur. İrəliyə baxmaq lazımdır. Komanda yaxşı futbol oynayır. Müdafiədə bəzi səhvlərimiz var. Uğurlu nəticələr qazanacağıq. Bir qələbədən sonra komandada özünəinam artacaq.
Üç xallıq sistemdə tələsmək lazım deyil. Hələ 7 oyun keçib. Oyunların çoxu qarşıdadır. Autsayderlər tam formalaşmayıb. Komanda yenidən qurulub. Onların birlikdə oynamasına ehtiyac var. Komandada hər oyunda irəliləyiş görünür. Qorxmuram, komanda düzgün yoldadır. Qısa zamanda nəticə olacaq. Tələsməyə ehtiyac yoxdur. Gənc komandayıq. Təcrübə baxımından çətinliyimiz var”.


