Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünə çox uğursuz başlamış “Neftçi” baş məşqçisi Roman Qriqorçukla yollarını ayırır.
Arena.az xəbər verir ki, 59 yaşlı mütəxəssis klub rəhbərliyinə müraciət edərək, vəzifəsindən ayrılmağa hazır olduğunu bildirib.
Ukraynalı məşqçi müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini vurğulayıb. Son qərarın klubdaxili iclasda veriləcəyi və təcrübəli çalışdırıcının istefasının qəbul olunacağı gözlənilir. Artıq bu gün klub rəhbərliyi onun istefasını qəbul edə və bu qərarı rəsmən açıqlaya bilər.
Xatırladaq ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. Komanda ölkə çempionatında 9 turdan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb. Cəmi 5 heç-heçəsi olan Qriqorçuklu “Neftçi” 4 oyunda da məğlubiyyətə üzülüb və qələbə qazana bilməyib. Məhz bu üzdən də onun istefası gündəmdə idi.
Qeyd edək ki, hazırda türkiyəli Fatih Terim, İsmail Kartal, belaruslu Viktor Qonçarenko kimi məşqçilərin adı “ağ-qaralar”la birgə hallanır. Ancaq onların heç birinə rəsmi təklif olunmayıb. Klub rəhbərliyinin Roman Qriqorçukla bağlı hansı qərarı verəcəyi və onu kiminlə əvəz edəcəyi hələ dəqiq bilinmir.
Xatırladaq ki, məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb. Qriqorçuk 2015-2018-ci illər aralığında da Azərbaycan təmsilçisi “Qəbələ”də baş məşqçi olub.


