Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Zirə” və “Sabah” klubularının dünya reytinqindəki yeni mövqeləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
503 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb. Ən yaxşı təmsilçimiz “Qarabağ” 174,75 xalla dünyada 60-cıdır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 8 pillə geriləyib.
Ağdam təmsilçisi 10 komandanı özündən irəli buraxıb. Bunlar “Kruzeyro”, “Korintians”, “İnternasional” (hamısı Braziliya), “Penyarol” (Uruqvay), “Braqa” (Portuqaliya), “Atletik” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Mançester Yunayted” (İngiltərə), “Rasinq” (Argentina), “Slaviya” (Çexiya) klublarıdır. Azərbaycan çempionu isə iki klubu keçib. “Leypsiq” (Almaniya) və “Feyenoord” (Niderland) artıq Azərbaycan çempionuna aşağıdan yuxarı baxırlar.
Xatırladaq ki, təmsilçimiz ötən ay 52-ci pillədə qərarlaşmışdı.
10 addımlıq sıçrayış edən “Zirə” 95,75 xalla 201-ci yerdədir. 60,75 xala malik “Sabah” 17 pilləlik irəliləyişlə 411-cidir. Ötən cədvəldə 482-ci olan “Neftçi” isə siyahını tərk edib.
Qeyd edək ki, dünya reytinqinə İspaniya La Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Real” (420 xal) başçılıq edir. İngiltərə təmsilçisi “Mançester Siti” (364 xal) ikinci, Almaniyanın “Bayer” (362 xal) kollektivi üçüncüdür.
- Real (İspaniya) – 420
- Mançester Siti (İngiltərə) – 364
- Bayer (Almaniya) – 362
- Atalanta (İtaliya) – 313
- Atletiko (Madrid, İspaniya) – 290
- Borussiya (Dortmund, Almaniya) – 281
- Bayern (Almaniya) – 271
- Botafoqo (Braziliya) – 268
- Atletiko (Mineyro, Braziliya) – 259
- Flamenqo (Braziliya) – 256


