Ukraynalı futbol mütəxəssisi Roman Qriqorçuk Azərbaycan təmsilçisi “Neftçi”nin baş məşqçi postundan getməsinə münasibət bildirib.
Arena.az xəbər verir ki, Ukrayna mətbuatına danışan təcrübəli mütəxəssis “Neftçi”dəki işini dəyərləndirib:
“Neftçi”nin rəhbərliyinə təşəkkür edirəm. Azərbaycana bir məqsədlə getmişdim: ümid edirdim ki, “Neftçi”ni çempion edib UEFA Çempionlar Liqasında oynayacağıq. Ora yalnız bunun üçün getmişdim. Amma nə qədər gülməli olsa da, 9 turdan sonra “Neftçi” bir qələbə də qazana bilmədi. Belə bir vəziyyətdə qarşılıqlı qərar (müqaviləni ləğv etmək) yollarımızı ayırmaqdan başqa bir şey ola bilməzdi. Artıq Ukraynadayam. “Neftçi”yə isə uğurlar arzulayıram, məqsədlərinə çatsınlar”.
Qriqorçuk gələcək planlarından da söz açıb: “Mənim prioritetim, təbii ki, Ukraynada qalmaqdır. Mən bunu əvvəllər etmək istəyirdim, sadəcə, Azərbaycana səfərlə bağlı istisna var idi. Mən bunu planlaşdırmamışdım, nədənsə bu seçim yarandı. Mən ideyalarımı həyata keçirmək istəyirəm. Bunlar yüksək nəticələr əldə etməyə yönəlmiş layihədir”.
Xatırladaq ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. Komanda ölkə çempionatında 9 turdan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb. Cəmi 5 heç-heçəsi olan Qriqorçuklu “Neftçi” 4 oyunda da məğlubiyyətə üzülüb və qələbə qazana bilməyib. Məhz bu üzdən 59 yaşlı mütəxəssis istefaya göndərilib.
Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb. Qriqorçuk 2015-2018-ci illər aralığında da Azərbaycan təmsilçisi “Qəbələ”də baş məşqçi olub.


