Mano Menezes Marselo ilə münaqişənin təfərrüatını açıqladı

Braziliya nəhənglərindən biri, Rio-de-Janeyro təmsilçisi “Fluminense”nin baş məşqçisi Mano Menezes Marselo ilə bağlı qalmaqaldan danışıb.

Arena.az xatırladır ki, “Flu”nun braziliyalı baş məşqçisi ilə klubun əfsanəsi, braziliyalı sol cinah müdafiəçisi Marselo arasında yaşanmış münaqişə, “Real”n keçmiş futbolçusunun klubdan ayrılması ilə nəticələnib.

Hadisə Braziliya A Seriyasının “Fluminense” – “Qremio” oyunu (2:2) zamanı baş verib. Baş məşqçi Mano Menezes Marselonu ehtiyat oyunçular skamyasında saxlayaraq, oyuna buraxmayıb.

Bildirilir ki, Marselo ehtiyat oyunçular skamyasından oyuna daxil olmaq üzrə olarkən, futbolçu Mano Menezesə nə isə deyib. Məhz bundan sonra məşqçi Marselonu ehtiyat oyunçular skamyasına göndərib. Marselo isə məşqçinin qərarından əsəbi və narazı görünüb.

“Mən Marselonu oyuna buraxacaqdım, amma xoşuma gəlməyən bir ifadə eşitdim və fikrimi dəyişdim. Onda mən Con Kennedini oyuna saldım”, – Menezes oyunsonrası mətbuat konfransında bildirib.

Vurğulayaq ki, vaxtilə Braziliya millisini də çalışdırmış Mano Menezes özünəməxsus yanaşması ilə seçilir ki, çox vaxt bu məqam ictimaiyyətin baxışları ilə uzlaşmır və analşılmazlıq yaranır.

Oyundan sonra isə “Fluminense” və Marselo tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verildiyini açıqlayıblar. Vurğulanır ki, eyni zamanda, “Fluminense” ilə Marselo arasında dostluq münasibətləri qalmaqdadır:

“Klub Marseloya təşəkkür edir və həmişə olduğu kimi, onu bütün işlərində dəstəkləməyə davam edir”, – “Flu”nun mətbuat xidməti məlumat yayıb.

Amma azarkeşlər arasında, Marselonun klubdan ayrılması birmənalı qarşılanmayıb. Belə ki, klubun düşərgəsinə əli çatan insayderlər klub rəhbərliyinin bu xoşagəlməz halı ört-basdır etməyə imkanı olduğunu, mövsümün həlledici mərhələsində klubun əfsanəsini komandada qoruyub-saxlamağın mümkün olduğunu öyrəniblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: