Coşqun Diniyev “Yeni Malatyaspor”a qarşı bir hissə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 14-cü turu çərçivəsində lider “Yeni Malatyaspor”la qarşılaşıb.

Coşqunun komandası doğma meydanda baş tutan bu qarşılaşmadan inamlı qələbə ilə ayrılıb – 2:0.

Diniyev bu oyuna start heyətdə başlayıb və fasilədə – hesab 1:0 komandasının xeyrinə olarkən əvəzlənib.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 13 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Bandırmaspor” 14 turdan sonra 28 xalla 2-ci pillədə qərarlaşıb. Yarış cədvəlinə 29 xala malik “Kocaelispor” rəhbərlik edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: