“Şamaxı”nın müdafiəçisi Abdulla Rzayev əyalət klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Şamaxı klubu Abdulla Rzayevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Abdulla Rzayev “Sabah”ın yetirməsidir. O, bu ilin iyul ayından “Şamaxı”nın uğurları üçün çalışırdı. Amma əsas heyətə düşməkdə çətinlik çəkən müdafiəçi cəmi 4 qarşılaşmada forma geyinmək şansı qazanıb. Rzayev Azərbaycanın U-21 yığmasının da uğurları üçün çalışır.
Xatırladaq ki, “Şamaxı” daha öncə Adil Nağıyev, Bəhruz Teymurov və Samir Qurbanovla da yollarını ayırmışdı. Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə sözləşməni yeniləyən əyalət klubu Emin Zamanov və Emil Qasımovu da heyətinə qatıb.


