Abdullah Zubir Avroliqada həftənin ən yaxşısı adına namizəd oldu

“Qarabağ”ın vingeri Abdullah Zubir Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşısı adına namizəddir.

Arena.az xəbər verir ki, pley-off mərhələsinin ötən gecə baş tutan ilk oyunlarından sonra UEFA həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

4 oyunçunun yer aldığı siyahıda “Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir də var. O, Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər namizədlər İtaliyanın “Milan” klubunun ingilis yarımmüdafiəçisi Ruben Loftus-Çik, Türkiyə təmsilçisi “Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi və Portuqaliya “Benfika”sının argentinalı ulduzu Anxel Di Mariyadır.

Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb. Bu ada Avstriyanın “Şturm Qraz” klubunun sloveniyalı yarımmüdafiəçisi Tomi Horvat, Belçikanın “Yunion” komandasının norveçli yarımmüdafiəçi Matias Rasmussen, “Molde”nin (Norveç) norveçli hücumçusu Fredrik Qulbrandsen və Norveç “Bodo Qlimt”inin danimarkalı yarımmüdafiəçisi Albert Qronbaek namizəddirlər.

UEFA Çempionlar Liqasında da həftənin ən yaxşı oyunçusu adına 4 namizəd var. Onlardan ikisi fransızdır. Söhbət İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Matteo Genduzi, digəri isə PSJ-nin (Fransa) ulduz hücumçusu Kilian Mbappedir. Çempionlar Liqasının sonuncu qalibi “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin de Bröyne də həftənin oyunçusu seçilə bilər. Digər namizəd isə Madrid “Real”ında (İspaniya) forma geyinən Brahim Diasdır.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: