Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun “Sumqayıt”la oyunu “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir üçün əlamətdar olub. Arena.az xəbər verir ki, o, Azərbaycan çempionatında 100-cü matçını keçirib.
2018-ci ilin yayında “Qarabağ”a keçən yarımmüdafiəçi bu oyunda sonradan meydana çıxıb. Premyer Liqada 5-ci mövsümünü keçirən Abdullah Zubir yalnız Ağdam klubunun formasını geyinib. O, 2018/19 mövsümündə 23, 2019/20 mövsümündə 19, 2020/21 mövsümündə 26, ötən çempionatda 25 dəfə şans qazanıb. Cari yarışda isə 7-ci dəfə meydana çıxıb.
Bu oyun “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov üçün də əlamətdar olub. O, da Azərbaycan çempionatında 100-cü matçını keçirib. Elvinin Premyer Liqadakı debütü daha əvvələ təsadüf edib. 2013/14 mövsümündə “Neftçi”nin heyətində şans qazanan müdafiəçi bu komandadakı 4 mövsümdə 41 oyun keçirib. 2018-ci ilin yayından “Sumqayıt”ın şərəfini qoruyan müdafiəçi “Gənclik şəhəri” təmsilçisindəki 59-cu matçına start “11-lik”də başlayıb.
Xatırladaq ki, “Azərsun Arena”dakı matçda meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.


