Azərbaycan çempionu “Qarabağ”ın Fransadan olan sol cinah vingeri Abdullah Zubir Ağdam klubundan ayrıla bilər.
Arena.az xəbər verir ki, bu barədə Fransanın məşhur “L’Equipe” nəşri məlumat yayıb.
İddiaya görə, Zubir hazırda iki klubun diqqət mərkəzindədir. Bunlardan biri adı hələlik açıqlanmayan Fransanın Liqa 1 təmsilçisidir. 31 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyən digər klub isə Səudiyyə Ərəbistanının “Əl-Riyad” komandasıdır.
Xatırladaq ki, Abdullah Zubir 2018-ci ilin iyul ayından “Qarabağ”ın şərəfini qoruyur. Onun Azərbaycan çempionu ilə mövcud müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununda bitəcək. Təcrübəli vinger Ağdam klubunun heyətində 228 oyuna çıxıb, 50 qol və 60 məhsuldar ötürmə müəllifi olub.
Peşəkar karyerasına Fransanın “Qrenobl” klubunda başlamış Zubir bu ölkədə “İstr” və “Lans” kimi komandaların da formasını geyinib. Fransalı futbolçu Şotlandiyada “Hibernian”, Rumıniyada “Petrolul” kimi klublarda da legioner həyatı yaşayıb.


