“Neftçi”nin iki futbolçusu – Vensan Abubakar və Sessi D’Almeyda Azərbaycan Premyer Liqasında ilin son oyununda komandasına kömək edə bilməyəcək.
Arena.az xəbər verir ki, hər iki futbolçu Premyer Liqanın 16-cı turu çərçivəsində baş tutacaq “Karvan”la matçı buraxacaqlar.
Buna səbəb hər iki oyunçunun milli komandalarına qoşularaq Afrika Millətlər Kubokunda iştirak etməsidir. Abubakar Kamerun yığmasının, D’Almeyda isə Benin millisinin heyətində turnirə yollanacaq. Afrika Millətlər Kuboku 21 dekabrdan 19 yanvara qədər davam edəcək.
Xatırladaq ki, “Karvan” – “Neftçi” qarşılaşması dekabrın 20-də Yevlaxda baş tutacaq. Yevlax şəhər stadionunda keçiriləcək bu oyuna saat 14:00-da start veriləcək.
Azərbaycan Premyer Liqasında bu ilin sonuncu qarşılaşması isə dekabrın 22-də “Sumqayıt”la “Sabah” arasında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.


